08.02.2018 2110

İspaniya ilə Azərbaycan arasında elektron imzaların qarşılıqlı tanınması istiqamətində müzakirələr aparılır

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin nümayəndə heyəti İspaniyada rəsmi səfərdədir.

“Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanına müvafiq olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən elektron imzanın trans-sərhəd tanınması ilə bağlı beynəlxalq proseslərin öyrənilməsi və beynəlxalq əməkdaşlıqların qurulması istiqamətində işlər görülür.

İnformasiya-kommunikasiya texnologiyaları sahəsində bir neçə beynəlxalq şirkətin nümayəndələri ilə görüşlər keçirilir, təcrübə mübadiləsi aparılır.

Bu istiqamətdə atılan addımlardan biri kimi Məlumat Hesablama Mərkəzinin (MHM) nümayəndə heyəti qabaqcıl İKT şirkətlərinin təcrübəsi ilə yaxından tanış olmaq üçün İspaniyaya səfər edib. Səfər çərçivəsində İspaniyanın “Elektron hökumət” həlləri ilə bağlı bir neçə qurumu ilə görüşlər keçirilib və ölkənin elektron hökumət sahəsində apardığı islahatlarla tanışlıq olub.

İspaniyanın Maliyyə və Dövlət İdarəetmə Nazirliyinin nəzdində fəaliyyət göstərən "National Coinage and Stamp Factory – Royal Mint" (FNMT-RCM) adlı qurumun prezidenti Ceym Sançes Revenqa işgüzar müzakirələr zamanı Azərbaycanla elektron imzanın qarşılıqlı tanınması, həmçinin elektron xidmətlərin təkmilləşdirilməsi üçün təcrübə və resurs mübadiləsinə daim hazır olduğunu bildirib.

Qurumun İnformasiya Sistemləri və İqtisadi-Maliyyə Departamentinin direktoru Filip Amores Malero ilə müzakirələr zamanı MHM-in direktoru Elnar Əsədov və Milli Sertifikat Xidmətləri Mərkəzinin müdiri Arif Mailov ölkəmizdə elektron hökumət quruculuğu üzrə görülən işlər və inkişaf istiqamətləri barədə məlumat veriblər. Yaxın gələcəkdə Avropa İttifaqının e-İDAS qanunvericiliyinə uyğunlaşması istiqamətində birgə işlərin görülməsi, qısa zamanda Azərbaycan və İspaniya arasında elektron imzaların qarşılıqlı tanınması üçün tərəflər arasında memorandum imzalanması nəzərdə tutulub.

Məlumat üçün bildirək ki, FNMT-RCM İspaniyanın dövlət qurumlarına, hüquqi və fiziki şəxslərə, o cümlədən vətəndaşlara “Elektron imza” sertifikatları təqdim edir. İspaniya vətəndaşlarının elektron şəxsiyyət vəsiqələrinə autentifikasiya və elektron imzanın inteqrasiyası qeyd edilən qurumun sertifikatları vasitəsilə aparılır. Hal-hazırda ölkədə FNMT-RCM tərəfindən verilən 6,5 milyon “Elektron imza” sertifikatı işləkdir. Sertifikatların tərkibində elektron möhür və elektron vaxt göstəriciləri də mövcuddur. Tranzaksiyaları kənar müdaxilələrdən qorumaq üçün qurum uzun illər bu sahəyə vaxt və işçi potensialı sərf edib.