22.11.2017 294

“Bax, istifadə et, Yarat” müsabiqəsinin iştirakçıları ilə görüş keçirildi

Məlumat verdiyimiz kimi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən yaradılmış “Açıq Hökumət Məlumatları” portalının - “www.data.gov.az” yeni versiyası istifadəyə verilib.

Bu münasibətlə 21 noyabrda keçirilən tədbirdə dövlət qurumlarının təqdim etdiyi Açıq Hökumət Məlumatlarıının cəmiyyət üçün faydası, idarəetmədə şəffaflığın artırılması, iqtisadiyyata təsiri, bu sahədə qarşıda duran vəzifələr, eyni zamanda startap hərəkatının inkişafında rolu müzakirə edilib.

Tədbirin ikinci yarısında Məlumat Hesablama Mərkəzinin elan etdiyi “Bax, istifadə et, Yarat” adlı müsabiqə haqqında məlumatlandırma sesiyası keçirilib. Sessiyada müxtəlif ali məktəb müəssisələrindən texniki istiqamətdə təhsil alan 100-ə yaxın tələbə iştirak edib. Müsabiqəyə qatılmaq istəyən tədbir iştirakçılarına portalda yerləşdirilən xidmətlər, bu xidmətlərdən istifadə qaydaları barədə məlumat verilib.

Məlumat Hesablama Mərkəzinin şöbə müdiri Cəmşid Naxçıvanski müsabiqədə iştirak şərtləri barədə məlumat verib. Microsoft şirkətinin nümayəndəsi Qaçay Mirzəyev müsabiqədə iştirak etmək istəyənlərə tövsiyyələr verərək, bu sahədə xarici təcrübədən bəhs edib.

Daha sonra müsabiqə iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, müsabiqədə iştirak etmək istəyənlər 25 noyabr 2017-ci il saat 23:59-a qədər hazırladığı materialları (tətbiqin qaynaq kodu, işlək tətbiq və tətbiqin təqdimatı olan fayllar) təşkilat komitəsinə portal üzərindən göndərməlidirlər. Qiymətləndirmə nəticələrinin açıqlanması və qaliblərin mükafatlandırılması isə “Bakutel 2017” sərgisi çərçivəsində baş tutacaq.